TEATR | Həyatla mərc - FOTOLAR, VİDEO

TEATR | Həyatla mərc - FOTOLAR, VİDEO
  04 İyun 2013    Oxunub:3092
Və bu vəhşi mərc belə baş tutdu...
YUĞ teatrı xüsusi bir üslubla işləyir. Vaqif İbrahimoğlunun tərtib etdiyi, qurduğu və dünyada nadir rast gəlinən psixosof poetikasında ... Psixosofiya , yəni ruhun hikməti psixologiyanın (düşüncə hikmətinin) ümumi, insan münasibətlərindən bəhs edən digər sahələrindən fərqli olaraq daha “dərinlərə” enir, insanın öz daxili aləmi, qabiliyyət və bacarıqları haqqında nə düşündüyünü öyrənir...

Psixosofiyaya görə, insan 4 amildən ibarətdir – Fizika ( materiya), Məntiq (bilik), Emosiya (hissiyat) və İradə (məqsəd). Bu amillərə görə isə psixosofiyada 24 tip mövcuddur. İnsana fərqli pəncərədən baxan psixosofiyadada mövcud olan tiplərdən biri də FİEM (Fizika, İradə, Emosiya, Məntiq) yəni Çexov tipidir.

Çexov tipi həyatdan özünə lazım olan hər şeyi almağı bacarır.
Başqalarına qarşı laqeyd və maddi nemətlərə düşkün olan bu tip istənilən həyat şəraitinə uyğunlaşa və ondan həzz ala bilir.

Çexov üçün əsas şərtlərdən biri onu istənilən çətin vəziyyətdən çıxaran özünəinamdır.

Çexov yalnız emossional təzyiqə davam gətirə bilmir, adekvat situasiyalarda o, özü üzərində nəzarəti itirir, panikaya düşür və özünə qapılır. Belə anlarda Çexov çok çarəsiz və təkdir...

Çexov üçün məntiq çox az əhəmiyyət daşıyır. Çexov məntiqi mühakimələri sevmir, nəyin doğru, nəyin yalnış olduğunu düşünmür, sadəcə yaşayır...

Çexovlar həmişə “birtəhər yaşamaq heç yaşamamaqdan yaxşıdır” devizi ilə hərəkət edir. Çexov “Mərc”inin qəhrəmanı hüquqşünas da məhz bu devizin doğruluğunu sübut etmək üçün ömrünün ən gözəl 15 ilini təkbaşına və bir pəncərəli otaqda keçirir...

“Ölüm hökmü dərhal öldürür, ömürlük həbs isə tədricən...Sizcə hansı cəllad daha insaflıdır? Bir neçə dəqiqə ərzində boynunuzu vuran yoxsa illərlə və əzabla canımızı alan ?” deyən və ölüm hökmünün daha ədalətli olduğunu düşünən bankir isə bu devizin yalnışlığını sübut etmək üçün iki milyonundan keçməyə hazırdır.

Və beləcə mərc baş tutur. Biri masaya milyonlarını digəri isə azadlığını qoyur...

Bu on beş il ərzində hüquqşünas otağın kandarına çıxmaq, adam üzü görmək, adam səsi eşitmək, məktub və qəzet almaq ixtiyarından məhrum olur...

Hər an onu zəhərləyən azadlığa çıxmaq imkanının müqabilində isə yalnız musiqi alətində ifa edə, saysız-hesabsız kitablar oxuya, heç zaman göndərməyəcəyi məktublar yaza, yaxşı şərab içə və tütün çəkə bilir...

İlk illər o, tənhalıqdan əziyyət çəkir, gitarada ifa edir, “təklikdə yaxşı şərab içməkdən pis heç nə yoxdur” deyə düşünür...

Növbəti illərdə otaqdan gələn musiqi səsləri azalır, sayaqlama və hıçqırıqlar çoxalır, şərab şüşələri isə boşalır...

Xilası kitablarda axtaran hüquqşünas bir ilini yalnız İncil oxumağa sərf edir, ancaq çox keçmir ki, ateizmi təbliğ edən kitablar tələb edir...

Kitablar onun üçün qayıq olur, tənhalıq dənizində boğulmaqdan xilas edən qayıqlar...

On beş ilin sonunda isə artıq müdrik hüquqşünas onu həyata bağlayan yeganə bağ olan kitablara, dünyanın bütün nemətlərinə və elə kitabların ona verdiyi müdrikliyə nifrət etdiyini yazır.

Qürurlu, müdrik və gözəl olsaq da, zirzəmi siçanlarıyla bərabər ölüm bizi də yer üzündən siləcək. Biz nə vaxtsa alma və portağal ağaclarında meyvə yerinə qurbağa və kərtənkələlər bitdiyini görəndə və ya qızılgüldən tərli at iyi gəldiyini hiss edəndə necə təəccüblənərdiksə hüquqşünas da göyü yerə dəyişən bizlərə təəccüb edir... Bizi anlamaq istəmir...

Yaşadıqlarımıza və bizə olan nifrətini isə şərtləşdirilmiş vaxtdan beş saat qabaq bir zaman cənnət kimi arzuladığı iki milyonu almadan qaçaraq sübut edir...

İyunun 1-də Yuğ teatrına gələnlər gənc rejissor Ərtoğrul Kamalovun Çexovun “Mərc” hekayəsi əsasında hazırladığı eyniadlı tamaşasına baxandan sonra oxuduqları, baxdıqları və öyündükləri hər şeyi bir də gözdən keçirdilər.

Yaqut Paşazadənin xanım qəhrəmanının “Vanya dayı”dan gələn Yelena Andreyevna yoxsa sadəcə hüquqşünas üçün ayrılmış evin o tək pəncərəsi, nəfəsliyi olduğunu düşündülər, sonda qəhrəmanın məktubunu böyük şövqlə oxuyanda isə bankirin özü olduğundan şübhələndilər...

Gənc aktyor Amid Qasımov Çexovun yaratdığı qəhrəman(lar)ı canlandırsa da kitabları, gitarası və şərab şüşəsi ilə baş-başa qalanda o Kamyunun Mersosunu xatırlatmağı, düşündürməyi, emossional ifası ilə yanaşı səsi ilə də təəccübləndirməyi bacardı...

Tamaşa aktyorların ifasında səslənən, əməkdar artist Vidadi Həsənovun Ramiz Rövşənin sözlərinə bəstələdiyi mahnılarla xüsusi ruh qazandı. Sonluğu ilə tamaşa insana istəksizliyinə, nifrətinə və səhvlərinə rəğmən “Yolçu yolda olsun gərək” deyib yola davam etdməyi öyrətdi...



Leyla Əliyeva
Fotolar : Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti